Fəlsəfə və politologiya

Kafedra müdiri – fəlsəfə elmləri doktoru,
professor Fərrux Fətulla oğlu Ramazanov
Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU-da) müstəqil fəlsəfə kafedrasının əsası 1963-cü ildə qoyulmuşdur. Bu zaman kafedrada cəmi 5 nəfər müəllim işləyirdi. Onların 4 nəfəri fəlsəfə elmləri namizədi, dosent, bir nəfəri isə baş müəllim idi. Sonralar dərslərin miqdarı artdıqca tədricən müəllimlərin sayı da artaraq 20 nəfərə çatmışdır. O, zamanlar burada fəlsəfə ilə yanaşı etika, estetika, mədəniyyətşünaslıq və dinşünaslıq kimi fənlər də tədris olunurdu.
Hazırda kafedranın elmi-pedoqoci potensialı 12 nəfərdən ibarətdir. Bunların 2 nəfəri professor, 6 nəfəri dosent, 3 nəfəri baş müəllim (onların 2 nəfəri elmlər namizədidir), bir nəfəri isə müəllim-assistentdir.
Fəlsəfə kafedrası 1991-ci ildə politologiya kafedrası ilə birləşdirildikdən sonra «fəlsəfə və politologiya» kafedrası adı altında fəaliyyət göstərməyə başlamışdır.
Hazırda kafedra üzrə təhsilin bakalavr pilləsində fəlsəfə, sosiologiya-polotologiya, magistratura pilləsində isə psixologiya fənləri tədris olunur. Kafedrada fəlsəfə, sosiologiya və politologiya fənləri üzrə dərs vəsaitləri çap edilmişdir. İndi tələbələrimiz bu fənlər üzrə dərslik və dərs vəsaitləri ilə tam təmin olunmuşlar. Burada vaxtaşırı metodik göstərişlər və fənn prqramları da yenidən hazırlanaraq çap edilir. Kafedradakı bütün fənlər üzrə tədris proqramları təhsil sistemində aparılan islahatlara uyğun olaraq yenidən işlənərək Azərbaycan və rus dillərində nəşr edilmişdir.
Texniki ali məktəbdə fəlsəfə fənninin tədrisi, tələbələrdə fəlsəfi dünyagörüşünün formalaşdırılması təbiətşünaslığın və texniki elmlərin əsasları ilə sıx əlaqələndirilməli olduğu üçün fəlsəfə kafedrası ilə ümumelmi və texniki kafedralar arasında elmi-metodik əlaqələr yaradılmışdır. Bu əlaqələrin yaradılmasında və inkişafında professor F.F.Ramazanovun dosent L.A.Buxun çap etdirdikləri «Fizikanın tədrisi prosesində tələbələrdə elmi dünyagörüşünün formalaşdırılması metodikası» adlı elmi-metodik vəsait xüsusi rol oynamışdır.
Bu sahədəki müsbət təcrübəni nəzərə alaraq 1987-ci ildə Azərbaycan Politexnik İnstitunda fəlsəfə kafedrasının bazasında «Texniki ali məktəblərdə ümumelmi və texniki fənlərin tədrisi prosesində tələbələrdə fəlsəfi dünyagörüşünün formalaşdırılması» mövzusunda ümumittifaq elmi-metodik konfrans keçirilmişdir.
70-ci illərin əvvəllərində bütün ali məktəblərdə olduğu kimi, Azərbaycan Politexnik İnstitutunda da qabaqcıl tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinə ciddi səy göstərilirdi. Bu sahədə ictimai elmlərə, o cümlədən fəlsəfəyə xüsusi diqqət yetirilirdi. Bu elmlər sahəsində hər 2 ildən bir tələbə elmi-tədqiqat işləri üzrə ümumittifaq müsabiqələri keçirilirdi. Kafedranın bu müsabiqələrdə təqdim etdiyi tələbə işləri keçmiş SSRİ və Respublika Təhsil Nazirliyinin diplomları ilə təltif olunmuşlar. Onlar həm də Ümumittifaq Elmi Texniki Jəmiyyət və gənclər təşkilatları tərəfindən mükafatlandırılmışlar.
Kafedranın fəaliyyətinin mühüm istiqamətlərindən biri elmi-tədqiqat işləridir. Bu işlər Texniki Universitetin profilinə uyğun olaraq aparılır. Beş illik planlara əsasən elmi-tədqiqatlar fəlsəfə üzrə «Elmin və texnikanın inkişaf dialektikası», sosialogiya və politologiya üzrə «Azərbaycanda keçid dövrünün sosial-siyasi problemlərinin tədqiqi və təhlili», hüququn əsasları üzrə isə «Tələbələrin hüquqi tərbiyəsi» mövzularında aparılmışdır.
Kafedranın müəllimləri respublikada və beynəlxalq miqyasda keçirilən konfrans və simpoziumlarda iştirak edirlər. Professor F.F. Ramazanov bir neçə beynəlxalq simpoziumda və İngiltərədə keçirilmiş 18-ci Ümumdünya Fəlsəfə Konqresində, dosent S.Y. Hüseynov isə Türkiyədə keçirilmiş konfransda məruzələrlə çıxış etmişlər. Kafedranın fəaliyyət göstərdiyi müddət ərzində müəllimlər 500-dən artıq elmi və elmi-metodik məqalə çap etdirmişlər. Kafedra əməkdaşları tərəfindən 9 namizədlik və 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Kafedra müəllimləri tərəfindən bir neçə monoqrafiya və elmi-kütləvi kitabçalar hazırlanaraq çap etdirilmişdir. Bunlardan dosent Z.A.Məmmədovu«İnsan dünyanı necə dərk edir», «Təbiətşünaslıq və din», «Həsənbəy Zərdabi», professor F.F.Ramazanovun «Azərbaycanın demokratik fikrində etika problemləri», «İnsan və təbiət», «Sosial ekologiya problemləri», «Müasir elmi-texniki inqilab şəraitində ətraf mühitin mühafizəsi», «Gənclərdə elmi dünyagörüşünün formalaşdırılması», «C.Məmmədquluzadənin etik görüşləri», «Fəlsəfədə insan problemi», «Təvazökarlıq və lovğalıq haqqında», «İnsan həyatının mənası», «Azərbaycan maarifçilik fəlsəfəsinin öyrənilməsi metodikası», Ə.H.Əliyevin «İncəsənət və din», «Elmi idrak və dini etiqat», «İslam dini və mənəviyyat», «Mədəniyyət və din», «Gənclik: bilik, yaxud etiqad», «Bədii mədəniyyət və islam», dosent S.Y.Hüseynovun «Məişət ekologiyası» (sosial-fəlsəfi aspekt), «Davamlı insan inkişafı», fəlsəfə elmləri namizədləri Ə.S.Kərimovun və İ.A.Abdullayevin «Politologiya sxemlərdə və cədvəllərdə» adlı əsərlərini xüsusi qeyd etmək olar.
Kafedra indiki şəraitdə öz vəzifəsini Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı tədbirlərdə fəal iştirak etməkdə, milli idealogiyamızı və mənəvi dəyərlərimizi geniş təbliğ etməkdə, tələbələri bu istiqamətdə tərbiyələndirməkdə görür. Kafedranın əməkdaşları universitetin və respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Professor F.F.Ramazanov universitetin müharibə, əmək və silahlı qüvvələr veteranları şurasının sədri kimi uzun illərdir ki, rektorluq və həmkarlar ittifaqı ilə birlikdə tələbə gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi sahəsində iş aparır. O, həm də universitetin humanitar kafedralarının elmi-tədqiqat işləri üzrə Koordinasiya Şurasının sədri, Respublika Təhsil Şurasının üzvü, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının sosial-fəlsəfi elmlər üzrə bölmə sədrinin müavini, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Respublika İctimai Birliyinin sədr müavini kimi fəaliyyət göstərir. 15 ildən çoxdur ki, o, Bakı Dövlət Universitetinin nəzdindəki doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın üzvüdür.
1970-ci ilin iyun ayından bu günə qədər kafedraya fəlsəfə elmləri doktoru, professor F.F.Ramazanov rəhbərlik edir. Bu müddət ərzində tədrisin və elmi tədqiqat işlərinin təşkilində, elmi-pedaqoci kadrların hazırlanmasında və digər sahələrdə əldə edilmiş nailiyyətlərə görə o, «Şərəfli əməyə görə» medalı ilə, «Ali məktəb əlaçısı», “Tələbə elmi işlərdəki nailiyyətlərə görə”və müxtəlif təşkilatların Fəxri fərmanları ilə təltif edilmişdir.
 

Bir şərh yazın